Prezident İlham Əliyevin tapşırığına əsasən, yol infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Paytaxtın Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid Parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 metr olan və Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Landau küçəsinə qədər uzanan hissəsində yenidənqurma işləri davam edir.

Şəfayət Mehdiyev küçəsinin bir hissəsinin əvvəllər çox ensiz olması nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradırdı. Bu səbəbdən Tbilisi prospekti və Hüseyn Cavid Parkı istiqamətindən gələn avtomobillər məcburən Hüseyn Cavid prospektinə daxil olurdular. Bu isə xüsusən, günün pik saatlarında həmin prospektin metronun Elmlər Akademiyası stansiyası qarşısından keçən hissəsində sıxlığa və tıxaca səbəb olurdu.

Problemin aradan qaldırılması üçün küçənin eni 11 metr genişləndirilərək 18 m-ə çatdırılır. Bu məqsədlə layihənin reallaşdırılacağı əraziyə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin qanunvericiliyə uyğun olaraq sahiblərinə kompensasiya ödənilməklə söküntüsü aparılır.

Söküntü işləri aparılmış ərazilədə köhnə asfalt beton örtüyü yenisi ilə əvəzlənəcək. Küçəyə 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün səkilər inşa olunur.

Yenidənqurma işləri bitəndən sonra istər Tbilisi prospekti, istərsə də Hüseyn Cavid parkı tərəfdən hərəkətdə olan avtonəqliyyat vasitələri Hüseyn Cavid prospektinə daxil olmadan Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev və Landau küçələri arasında yerləşən hissəsindən istifadə etməklə rahat və maneəsiz şəkildə hərkətlərinə davam edə biləcəklər. Bu isə öz növbəsində Hüseyn Cavid prospektinin metronun Elmlər Akademiyası stansiyası qarşısından keçən hissəsində sıxlığın azalmasına səbəb olacaq.

Görülən işlərin tərtib olunan qrafikə uyğun yaxın müddətdə yekunlaşdırılması nəzərdə tutulub.

 

Sabir Bilalov